Bundan sonra Davud «Yəhuda şəhərlərindən birinə qalxımmı?» deyə Rəbbə müraciət etdi. Rəbb «ora qalx» deyə cavab verdi. Davud dedi: «Hara qalxım?» Rəbb dedi: «Xevrona».
Davud Yaveş-Gilead sakinlərinin yanına qasidlər göndərib belə dedi: «Rəbb sizə xeyir-dua versin, çünki ağanız Şaula sədaqətli oldunuz və onu dəfn etdiniz.
Seruya oğlu Yoav isə Davudun adamları ilə çıxıb Giveon gölməçəsi yanında onları qarşıladı. Yoav adamları ilə gölməçənin bir tərəfində, Avner isə adamları ilə gölməçənin o biri tərəfində əyləşdi.
Onlar qalxdılar. Binyamin və Şaul oğlu İş-Boşet tərəfindən on iki nəfər və Davudun adamlarından da on iki nəfər qalxıb sayı-hesabı ilə yerlərinə keçdilər.
Onlar bir-birinin başından tutub hər biri öz qılıncını qarşısında olanın böyrünə sapladı. Hamısı birlikdə yerə yıxıldı. Buna görə də Giveonda olan o yerə Xelqat-Hassurimdeyilir.
Lakin Asahel yolundan dönmək istəmədi. Avner də nizəsinin arxa ucu ilə onun qarnından elə vurdu ki, nizə onun kürəyindən çıxdı. Asahel yerindəcə öldü. Bu hadisədən sonra Asahelin yıxılıb öldüyü yerə gələnlərin hamısı ayaq saxladı.
Avner Yoava üz tutub çığıra-çığıra dedi: «Həmişə bizi qılıncmı yeyib qurtarmalıdır? Bəs bilmirsən ki, bunun sonu acı olacaq? Nə vaxta qədər bu xalqa deməyəcəksən ki, soydaşlarınızdan əl çəkin?»