«Rəbbin məbədinin qapısında dur və orada bu sözü elan edib söylə ki, ey bütün Yəhuda, Rəbbə ibadət etmək üçün bu qapılardan girənlər, Rəbbin sözünə qulaq asın.
Siz oğurluq edirsiniz, adam öldürürsünüz, zina edirsiniz, yalandan and içirsiniz, Baal bütlərinə buxur yandırır, tanımadığınız başqa allahların tərəfdarı olursunuz.
Uşaqlar odun yığır, ataları od yandırır, qadınlar Göylər Mələkəsinə xəmir yoğurub kökə bişirir. Onlar başqa allahlara içmə təqdimləri verir ki, Məni qəzəbləndirsinlər”.
Buna görə də Xudavənd Rəbb belə deyir: “Bax bu yerin, insanların, heyvanların, çöl ağaclarının, torpağın məhsulu üzərinə qəzəbim və qızğınlığım töküləcək, alışıb sönməyəcək”.
Ancaq onlara bunu əmr edib dedim: ‹Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr etdiyim yolla gedin ki, uğur qazanasınız›.
Ancaq Məni eşitmədilər, qulaq asmadılar. Bunun əvəzinə öz istəklərinə, pis ürəklərinin inadkarlığına görə hərəkət etdilər, irəliyə deyil, geriyə getdilər.
Sən onlara söylə: “Bu həmin xalqdır ki, öz Allahı Rəbbin sözünə qulaq asmır və cəzadan ibrət almır. Onlarda həqiqət yox oldu, həqiqətdən heç danışmırlar.
Ona görə ki Yəhuda övladları gözümdə pis olan işlər gördü” Rəbb belə bəyan edir. “Mənim adımla çağırılan məbədə iyrənc bütlərini qoyub oranı murdarladılar.
Onlar oğul və qızlarını odda yandırmaq üçün Ben-Hinnom vadisindəki Tofetdə səcdəgahlar düzəltdilər. Mən belə bir şeyi nə buyurdum, nə də ağlıma gətirdim”».
Rəbb bəyan edir: «Buna görə də bir gün gələcək ki, oraya Tofet yaxud Ben-Hinnom vadisi deyil, Qırğın vadisi deyiləcək. Tofetdə yer qalmayana qədər ölüləri basdıracaqlar.