Buna görə də peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi viran etdilər, hər tərəfdən sıxışdırıb tapdaladılar, başqa millətlər mülkünüzə sahib oldu, dillərə düşdünüz və xalqın dedi-qodusuna çevrildiniz”.
Bütün bunlara görə, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü eşidin. Xudavənd Rəbb dağlara, təpələrə, vadilərə, dərələrə, ətrafındakı başqa millətlərə, qarət və kinayə hədəfi olan viran olmuş xarabalıqlara, tərk edilmiş şəhərlərə belə deyir.
Buna görə də, Xudavənd Rəbb belə deyir: “Başqa millətlərə, xüsusilə bütün Edoma qarşı qızğın qısqanclığımla danışdım. Onlar bütün ürəkləri ilə sevinib həqarət edərək ölkəmə sahib çıxdılar ki, onun otlaqlarını qarət etsinlər”.
Buna görə də İsrail ölkəsi üçün peyğəmbərlik edib dağlara, təpələrə, vadilərə və dərələrə söylə ki, Xudavənd Rəbb belə deyir: “Millətlərin təhqirinə hədəf olduğunuz üçün qısqanc qəzəbimlə danışdım”.
Ölkənizdə adamların və heyvanların sayını çoxaldacağam, törəyib çoxalacaqlar. Keçmişdə olduğu kimi ölkənizi insanlarla məskunlaşdıracaq və sizə əvvəlkindən də artıq yaxşılıq edəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
Ölkənizdə xalqım İsraildən olan insanları gəzdirəcəyəm və onlar sizə sahib olacaq. Siz də onların irsi olacaqsınız. Onları bir daha övladlarından məhrum etməyəcəksiniz”.
“Artıq Mən millətlərin təhqirlərini eşitdirməyəcəyəm, daha xalqların kinayəsinə düçar olmayacaqsan. Millətini bir daha büdrətməyinə izin verməyəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
«Ey bəşər oğlu, İsrail nəsli öz torpağında yaşayanda adət və əməlləri ilə onu murdar etdi. Onların adətləri Mənim önümdə qadının aybaşı olduğu vaxtdakı murdarlığı kimi idi.
Millətlərin arasında, getdikləri hər yerdə müqəddəs adımı ləkələdilər. Çünki onlar üçün belə deyildi: “Bu xalq Rəbbin xalqı olduğu halda ölkəsindən çıxmağa məcbur oldu”.
Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, bunu sizin naminizə deyil, ancaq getdiyiniz millətlər arasında ləkələdiyiniz müqəddəs adım naminə edirəm.
Millətlər arasında ləkələdiyiniz böyük adımın müqəddəsliyini yenə göstərəcəyəm. Millətlərin gözü önündə sizin içinizdə müqəddəsliyimi göstərən zaman biləcəklər ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir.
Onda deyəcəklər: ‹Viran olan bu torpaq Eden bağı kimi oldu. Xaraba və viran qalmış, dağıdılmış şəhərlərin istehkamları tikildi, onların içində adamlar yaşayır›.
Onda ətrafınızda qalan millətlər biləcək ki, dağıdılmış yerləri Mən Rəbb tikdim, çölə çevrilmiş yerləri Mən abad etdim. Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm”.
Bayram günlərində Yerusəlimdə qurbanlıq heyvan sürüləri necə çox olursa, viran edilmiş şəhərlər də eləcə insan sürüləri ilə dolu olacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”».