Sürgünlüyümüzün iyirmi beşinci ilində, birinci ayın onuncu günü, Yerusəlim şəhərinin süqutunun on dördüncü ili – həmin o gün Rəbbin əli mənim üstümdə idi. O məni oraya apardı.
Allah məni oraya apardı. Mən orada görünüşcə tunca bənzər adam gördüm. Onun əlində bir kətan ip və ölçmək üçün bir qamış var idi. O, darvazada durmuşdu.
O adam mənə dedi: «Ey bəşər oğlu, gözünlə görüb, qulağınla eşit və sənə göstərəcəyim hər şeyə yaxşı-yaxşı bax. Ona görə buraya gətirildin ki, bunları sənə göstərim. Gördüyün hər şeyi İsrail nəslinə bildir».
Mən məbədi hər tərəfdən əhatəyə alan bir divar gördüm. Ölçmək üçün o adamın əlində olan qamışın uzunluğu altı qulac idi. Hər qulaca bir ovuc uzunluq əlavə edilmişdi.O adam divarı ölçdü: qalınlığı bir qamış, hündürlüyü bir qamış idi.
Sonra şərqə tərəf olan darvazaya tərəf getdi və onun pilləkənləri ilə yuxarı qalxdı. Darvazanın kandarını ölçdü: eni bir qamış idi. Bir kandarın eni bir qamış idi.
Keşikçi otaqlarının hər birinin uzunluğu və eni bir qamış idi. Keşikçi otaqlarının arası beş qulac idi. Məbədə baxan eyvanın yanındakı darvaza kandarı bir qamış uzunluğunda idi.
Hər iki tərəfdə olan keşikçi otaqlarının qarşısında bir qulac yüksəkliyində bir-bir arakəsmə var idi. Hər iki tərəfdə keşikçi otaqları dördbucaqlı idi. Kənarları hər tərəfdən altı qulac idi.
Darvazanın içəri tərəfinin hər yanında keşikçi otaqlarının və bölmə divarlarının içəriyə baxan qəfəsli pəncərələri var idi. Eyvanlarda da belə idi. Hər yanın içəri tərəfindən pəncərələr var idi. Bölmə divarları üzərində xurma ağacı təsvirləri var idi.
Buranın hər iki tərəfində üç-üç keşikçi otağı var idi. Bölmə divarları və eyvanları birinci darvazanın ölçüsünə bərabər idi: uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.
Pəncərələrin, eyvanın və xurma ağacı təsvirlərinin ölçüsü şərqə baxan darvazanın ölçüsünə bərabər idi. Oraya yeddi pillə ilə çıxırdılar, bunların qarşısında eyvan var idi.
Şərq darvazasında olduğu kimi şimal darvazasına da baxan bir içəri həyət darvazası var idi. O adam bu iki darvaza arasındakı məsafəni ölçdü: yüz qulac idi.
O adam məni cənuba doğru apardı. Orada cənuba baxan bir darvaza gördüm. O, darvazanın yan taxtalarını və eyvanı ölçdü: ölçüləri o birilərinin ölçülərinə bərabər idi.
Oraya yeddi pilləkənlə çıxırdılar. Bunların qarşısında eyvan var idi. Darvazanın yan taxtaları hər iki tərəfdən bir xurma ağacı təsviri ilə bəzənmişdi.
Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanın ölçüləri o birilərinin ölçülərinə bərabər idi. Darvaza ilə eyvanın hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.
Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər idi. Darvaza ilə eyvanının hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.
Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər idi. Darvazanın hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.
Yan taxtaları bayır həyətə baxırdı. Darvazanın yan taxtaları hər iki tərəfdən xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar.
Darvaza eyvanının hər iki tərəfində iki sıra qoşa masa var idi. Yandırma qurbanı, günah qurbanı və təqsir qurbanı olacaq heyvanlar bu masaların üstündə kəsilirdi.
Yandırma qurbanları üçün yonulmuş daşdan dörd masa var idi. Hər masanın uzunluğu və eni bir yarım qulac, hündürlüyü bir qulac idi. Yandırma qurbanlarının və başqa qurbanların kəsilməsində istifadə olunan alətləri bunların üstünə qoyurdular.
İçəri darvazanın bayır hissəsində, içəri həyətdə ilahiçilər üçün otaqlar var idi. Bunlardan biri şimal darvazasının yanında idi və cənuba baxırdı, o biri cənubdarvazasının yanında idi və şimala baxırdı.
Şimala baxan otaq isə qurbangah üçün cavabdeh olan kahinlərə məxsusdur. Onlar Levinin nəslindən olan və Rəbbə xidmət etmək üçün Ona yaxınlaşan Sadoq övladlarıdır».
Sonra o adam məni məbədin eyvanına aparıb eyvanın qapısının yan taxtalarını ölçdü. Darvazanın hər iki tərəfindəki sütunların eni beş qulac idi. Darvazanın hər iki tərəfinin eni isə üç qulac idi.
Eyvanın uzunluğu iyirmi qulac, eni on iki qulac idi. Oraya pilləkənlə çıxırdılar. Darvazanın yan taxtalarının yanında iki sütun var idi: biri bu tərəfində, digəri isə o tərəfində idi.