Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri sünbülləri qırır və ovuclarında ovub yeyirdilər. |
| 2 |
| Fariseylərdən bəzisi dedi: «Siz nə üçün Şənbə günü qadağan olunan işləri görürsünüz?» |
| 3 |
| İsa onlara cavab verdi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı? |
| 4 |
| O, Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini götürüb yedi, yanındakılara da verdi». |
| 5 |
| Sonra İsa onlara dedi: «Bəşər Oğlu Şənbə gününün Sahibidir». |
| 6 |
| Başqa bir Şənbə günü İsa yenə də sinaqoqa girib təlim öyrədirdi. Orada sağ əli qurumuş bir adam var idi. |
| 7 |
| İlahiyyatçılar və fariseylər İsanı ittiham etməyə bəhanə tapmaq üçün Ona göz qoyurdular ki, görsünlər, Şənbə günü şəfa verəcək ya yox. |
| 8 |
| Amma İsa onların nə düşündüklərini bilib əli qurumuş kişiyə dedi: «Ayağa qalx və qabağa çıx!» O adam da ayağa qalxıb ortaya çıxdı. |
| 9 |
| Sonra İsa onlara dedi: «Sizdən soruşuram, hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas, yoxsa məhv etməyə?» |
| 10 |
| İsa ətrafındakıların hamısına baxdı və o adama dedi: «Əlini uzat!» O da elə etdi və əli əvvəlki halına qayıtdı. |
| 11 |
| Onlarsa qəzəbdən coşub İsaya nə edə biləcəkləri barədə bir-biri ilə müzakirə etməyə başladılar. |
| 12 |
| O günlərdə İsa dua etmək üçün dağa çıxdı. O bütün gecəni Allaha dua etməklə keçirtdi. |
| 13 |
| Gün açılanda şagirdlərini yanına çağırdı və onlardan on iki nəfəri seçib həvari adlandırdı: |
| 14 |
| Peter adını verdiyi Şimon, onun qardaşı Andrey, Yaqub, Yəhya, Filip, Bartalmay, |
| 15 |
| Matta, Tomas, Halfay oğlu Yaqub, Millətçi adlanan Şimon, |
| 16 |
| Yaqub oğlu Yəhuda və sonralar xəyanətkar olan Yəhuda İskaryot. |
| 17 |
| İsa onlarla birgə aşağı endi və düzəngahda dayandı. Orada çox sayda şagirdlərindən ibarət izdiham var idi. Bütün Yəhudeyadan, Yerusəlimdən, Sur və Sidon yaxınlığındakı sahil bölgələrindən çoxlu adam |
| 18 |
| Onu dinləmək və öz xəstəliklərindən sağalmaq üçün gəlmişdi. Natəmiz ruhlardan əzab çəkənlər də şəfa tapdılar. |
| 19 |
| Bütün izdiham İsaya toxunmağa çalışırdı. Çünki Ondan çıxan qüdrət hamını sağaldırdı. |
| 20 |
| İsa Öz şagirdlərinə nəzər salıb dedi:«Nə bəxtiyarsınız, ey yoxsullar!Çünki Allahın Padşahlığı sizindir. |
| 21 |
| Nə bəxtiyarsınız, ey indi aclıq çəkənlər!Çünki doyacaqsınız.Nə bəxtiyarsınız, ey indi ağlayanlar!Çünki güləcəksiniz. |
| 22 |
| Bəşər Oğluna görə insanlar sizə nifrət edəndə, sizi cəmiyyətdən qovub təhqir edəndə, adınızı bədnam edəndə nə bəxtiyarsınız! |
| 23 |
| O gün sevinin və sevincdən atılıb-düşün! Çünki göydə mükafatınız böyükdür. Axı onların ata-babaları da peyğəmbərlərlə belə davranıb. |
| 24 |
| Amma vay halınıza, ey varlılar!Çünki artıq təsəllinizi almısınız. |
| 25 |
| Vay halınıza, ey indi tox olan sizlər!Çünki aclıq çəkəcəksiniz.Vay halınıza, ey indi gülənlər!Çünki yas tutub ağlayacaqsınız. |
| 26 |
| Bütün adamlar sizin barənizdə yaxşı şeylər danışanda vay halınıza! Axı onların ata-babaları da yalançı peyğəmbərlərlə belə davranıb. |
| 27 |
| Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, |
| 28 |
| sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin. |
| 29 |
| Bir üzünə şillə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. |
| 30 |
| Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə. |
| 31 |
| İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. |
| 32 |
| Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. |
| 33 |
| Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. |
| 34 |
| Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. |
| 35 |
| Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır. |
| 36 |
| Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun. |
| 37 |
| Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız. |
| 38 |
| Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək». |
| 39 |
| İsa onlara yenə də bir məsəl çəkdi: «Kor koru apara bilərmi? İkisi də çuxura düşməzmi? |
| 40 |
| Şagird müəllimindən üstün deyil, amma tam təlim alandan sonra hər şagird öz müəllimi kimi olacaq. |
| 41 |
| Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? |
| 42 |
| Öz gözündəki tiri isə görmədən qardaşına necə deyə bilərsən: “Qardaşım! Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. |
| 43 |
| Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz. |
| 44 |
| Çünki hər ağac öz bəhrəsindən tanınır. Qaratikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər. |
| 45 |
| Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürək doluluğundan ağız danışar. |
| 46 |
| Nə üçün Məni “ya Rəbb, ya Rəbb” deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz? |
| 47 |
| Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm: |
| 48 |
| o, ev tikən elə bir adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar. Daşqın gəldiyi zaman sellər o evi bassa da, onu sarsıda bilməz. Çünki ev yaxşı tikilib. |
| 49 |
| Amma sözlərimi eşidib onlara əməl etməyən kəs torpaq üzərində təməlsiz ev tikən adama bənzəyir. Sellər o evi basar və ev o anda uçar. O evin yıxılması bir müsibət olar». |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/luke/006.mp3
24
6