Buna görə də əgər qadın əri sağ ikən başqa bir kişiyə ərə gedirsə, zinakar sayılır. Amma əri ölsə, qadın qanundan azad olur və başqa bir kişiyə ərə getdikdə zinakar olmur.
Eləcə də, qardaşlarım, siz də Məsihin bədəni vasitəsilə Qanuna münasibətdə ölmüsünüz ki, başqasına, yəni ölülər arasından dirilmiş Məsihə məxsus olasınız; belə ki Allah üçün bəhrə verək.
Amma indi əvvəlcə əsiri olduğumuz Qanuna münasibətdə ölüb, ondan azad olduq. Nəticədə yazılı Qanunun köhnə yolunda deyil, Ruhun yeni yolunda qulluq edirik.
Bəs nə deyə bilərik? Qanun günahdırmı? Əsla! Qanun olmasaydı, günahın nə olduğunu bilməzdim. Əgər Qanun «tamah salma» deməsəydi, tamahın nə olduğunu anlamazdım.
Belə çıxır ki, yaxşı olan bir şey mənə ölüm gətirdi? Əsla! Məhz günah, günah olduğu aşkar olsun deyə yaxşı olan bir şeyin vasitəsilə mənə ölüm gətirirdi; belə ki günah əmrin vasitəsilə hədsiz günahlı olduğunu göstərsin.